Yanvarın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxt və Abşeron yarımadasında arabir güclənəcək mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.
Axşam havanın kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 1-3 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısından isə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcək, şimal küləyinin güclənəcək, yanvarın 08-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacaq.
Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 08-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq.
Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək.
Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
E.Ə.
www.oxu.az