İnsanların müalicə olunduğu yerə atın gətirilməsi tibbi qaydara ziddir.
Bunu Oxu.Az-a açıqlamasında professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, tibb müəssisəsində insanların sağlamlığı üçün gigiyenik qaydara riayət olunmalıdır:
“Həmin yerə atın gətirilməsi düzgün deyil. Burada gigiyena məsələsi var. Ora veterinar klinika deyil ki, istənilən vaxt hər hansı bir heyvan xəstələrin müalicə aldığı yerə gətirilsin”.
Adil Qeybulla qeyd edib ki, həkimlər bu cür hərəkətlərə yol verməklə özlərini ucuz reklam etməməlidirlər:
“Təəssüflər olsun ki, bu gün ölkəmizdə həkimlər, klinika rəhbərləri bu cür ucuz reklamlara qaçırlar.
Televiziya ekranlarında da, şou xarakterli verilişlərdə də həkimlər özlərini ucuz reklamlarla gündəmə gətirirlər. Təbii ki, bunların hamısı madiyyata görədir. Amma reklam üçün başqa yollar tapmaq olar.
İnsanların sağlamlığına təhlükə yaradan reklamları etmək düzgün deyil. Bu, tibbi qaydara zidd hərəkətdir”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, özəl tibb müəssisəsi olduğu üçün bu məsələyə nazirlik qarışmır:
“Tibb müəssisəsi tərəfindən tibbi qaydalara riayət edilməlidir. Ölüm halı və yaxud şikayət olsa, nazirlik tərəfindən araşdırılma aparıla bilər”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovun müalicə aldığı xəstəxana palatasına at gətirilib. Məsələ sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
İlhamə Əbülfət
www.oxu.az