Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda iki klub dağılmaq astanasındadır - YENİLƏNİB
Kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol komandaları dağılmaq təhlükəsinin astanasındadır.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, bu mövsüm Yüksək Liqanın ilk turunda üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi maliyyə ilə bağlıdır.
Belə ki, komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib. Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı Nuran “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırılıb.
Komanda hazırda üç aydır ki, maaş üzünə həsrətdir. “Xarı Bülbül Şuşa” bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası bir ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.
Bununla belə, “Xarı Bülbül Şuşa”nın Afinada keçirəcəyi səfər oyununa çıxması sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda üç gün ərzində maliyyə tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, “Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.
13:04
Kişilərdən ibarət “Xarı Bülbül” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.
Müraciət bu gün Yüksək Liqada keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.
Sənəddə bildirilir ki, “Xarı Bülbül” klubu Çelenc Kubokunun 1/16 final mərhələsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos” kollektivinə qarşı cavab matçına çıxacaq. Şuşa təmsilçisinin bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında “Xarı Bülbül”ə (Laçın) qarşı matçının təxirə salınması xahiş olunub.
AVF bu müraciəti nəzərə alaraq, noyabrın 23-nə planlaşdırılan “Xarı Bülbül” (Şuşa) - “Xarı Bülbül” (Laçın) görüşünün təxirə salınması ilə bağlı qərar qəbul edib.
Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” - “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül” (Şuşa) - “Xarı Bülbül” (Laçın) matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.
Rəylər