Xətai rayonu, Zığ şosesində yerləşən mərasim evinin icarədarı iddia edib ki, obyektə verilən suyun təzyiqi qəsdən azaldılır.
Oxu.Az-a müraciət edən icarədar Ülvi Quliyev bildirib ki, Sukanal İdarəsində qəza xidmətinin rəisi, Eldar adlı şəxs qəza olmamasına baxmayaraq, suyun təzyiqini azaldır.
Onun iddiasına görə, problem rəisin istədiyi 50 manatı verməkdən imtina etdiyinə görə baş verib:
"2024-cü ildə icarədarı olduğum obyekti yeni su xəttinə qoşmaq üçün qəza xidmətinin rəisinə müraciət etdim. Məndən 360 manat pul istədi, verdim. Lakin daha sonra 50 manat istədi, dedim ki, yoxumdur, sonra verərəm. Bir neçə gün sonra onunla əlaqə saxlamaq istədikdə telefonu açmadı. Hər hansı qəza baş verməsə də, suyun təzyiqini azaldıb. Mənimlə prinsip aparmağa başlayıb. Soruşanda ki niyə azaldırsınız suyu, deyir ki, "bilmirəm". Bundan sonra yenə artırılır. Dünən də su gəlmirdi, azaldılmışdı. Əlaqə saxladım, suyun niyə azaldıldığını soruşdum. "Yaxşı edirəm", - dedi. Mən də bir az əsəbiləşib qeyri-etik ifadə işlətdim".
Məsələ ilə bağlı Xətai Rayon Sukanal İdarəsindən Oxu.Az-a bildirilib ki, qeyd olunan ittihamlar əsassızdır və vətəndaşdan hər hansı ödəniş alınmayıb:
"Əksinə, sahibkar dəfələrlə idarənin əməkdaşları ilə əlaqə saxlayarkən etik davranış normalarına əməl etməyib, kobud ifadələr işlədib. Ötən gün obyektə suyun verilməməsinin səbəbi isə texniki xarakterli olub və təzyiqin müvəqqəti azalması ilə əlaqədar baş verib. Belə ki, obyektin yerləşdiyi ərazi coğrafi baxımdan yüksək nöqtədə olduğu üçün şəbəkədə təzyiqin azalması zamanı suyun verilişində fasilə yaranıb. Təzyiq normallaşdıqdan sonra su təchizatı bərpa edilib".
Aygün Mirakif