Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xəzərin Zirə sahili zolağı tullantılardan təmizlənib - FOTO
Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda, şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib.
“Report” xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idman federasiyalarının nümayəndələri və ekokönüllüləri iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında bildirib ki, hazırda sahilboyu, Xaçmazdan Cənuba qədər bu aksiyalar keçirilir və hər həftə mövsüm boyunca davam edəcək.
Muxtar Babayev
“Keçirilən aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənir, tullantılar toplanaraq aidiyyəti üzrə daşınır. Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Hər bir vətəndaş Xəzər sahilinə, çay kənarına gəlirsə, düşünməlidir ki, ondan sonra da kimsə həmin məkana üz tutacaq. Bələdiyyələr, icra orqanları sahilyanı əraziləri təmiz saxlamağa çalışırlar. Lakin vətəndaşların da dəstəyi önəmlidir. İnanırıq ki, vətəndaşlar Xəzər sahillərində istirahət etməyə gələndə öz tullantılarını ərazidə qoyub getməyəcək, özləri ilə götürüb aparacaqlar”.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri hər kəs tərəfindən aparılmalıdır ki, bu istiqamətdə tədbirlərin keçirilməsinə ehtiyac qalmasın. Ekologiyanı qorumaq hər kəsin borcudur”, - o bildirib.
Aksiyada iştirak edən Azərbaycan paracüdoçusu İlham Zəkiyevin sözlərinə görə, bütün idman ictimaiyyəti bu aksiyaya qoşulub:
“Vətəndaşlar istirahət etdikdən sonra tullantıları torbalara yığıb zibil qutularına atsalar, bu cür aksiyaların keçirilməsinə ehtiyac qalmaz”.
İlham Zəkiyev
O qeyd edib ki, ətrafı təmiz saxlamaq hər kəsin borcudur:
“Gələcək nəsillərə təmiz gələcək qoymalıyıq. Ümid edirik ki, keçirilən aksiya nəticəsiz qalmayacaq”.
Azərbaycan Cüdo Federasiyasının idmançıları da keçirilən aksiya zamanı ən çox sellofan torbalara, plastik tullantılara, sümük qalıqlarına, köhnəlmiş paltarlara və digər əşyalara rast gəliblər.
Onların sözlərinə görə, çimərlik mövsümünün yaxınlaşmasını da nəzərə alsaq, xüsusən də Xəzərin sahilini tullantılardan təmiz saxlamaq vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Aksiyadan sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər.
Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.
Daha çox şəkil burada: PhotoStock.az