Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120 ünvanında avtobus dayanacağı üçün pavilyonun olmaması sərnişinlərdə narazılıq yaradır.
Oxu.Az-a müraciət edən vətəndaş qeyd edib ki, sözügedən ərazidə 517, 523 və digər marşrut avtobuslarından istifadə edənlər üçün dayanacaq pavilyonu yoxdur.
Müraciətdə vurğulanıb ki, sərnişinlər günəşdən qorunmaq üçün reklam lövhəsinin altında gözləyirlər. Yağışda, soyuqda isə vəziyyət acınacaqlı olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə dayanacaq pavilyonunun quraşdırılması üçün şərait uyğun deyil:
"Avtobus dayanacağı pavilyonunun quraşdırılması üçün səkinin eni ən azı üç metr olmalı və asfaltlanmalıdır. Ərazidə dayanacaq pavilyonunun quraşdırılması üçün müvafiq şərait yaradılacağı təqdirdə məsələyə baxıla bilər".