“Genosid” termini beynəlxalq hüquqda “qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupu tam və hissəvi şəkildə məhv etməsi” kimi tanınır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin soyqırımı cinayəti barədə özünün müəyyən etdiyi tərif var. Belə ki, bu, qətl anlayışı ilə yanaşı, insanların yaşamaq hüququnun inkar edilməsi kimi də xarakterizə edilir. Bunlar isə öz növbəsində soyqırımın “əhalinin qəsdən məhv edilməsi cəhdi” olduğunu bir daha sübut edir və genosidi “kütləvi qırğın” anlayışından tamamilə ayırır.
İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilib. Almanların yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilib.
Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində də qanlı yaraya çevrilib. Azərbaycan xalqı 1992-ci ilin fevralında televiziya ekranlarında həmvətənlilərinin vəhşicəsinə öldürülməsinə - ölən uşaqların, təcavüzə məruz qalmış qadınların, yaşlı insanların kəsilmiş cəsədlərinin, yerə səpələnmiş donmuş meyitlərin görüntülərinə dəhşətli şəkildə şahidlik etdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Soyqırımı aktı nəticəsində “Xocalı” şəhəri demək olar ki, tamamilə məhv edildi. Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi olan Xocalı hadisəsi mülki insanları öldürmək və qorxutmaq yolu ilə onları bölgədən qaçırmaq cəhdi idi. Bu, Ermənistan ordusunun Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrini işğal etməsinə imkan verəcəkdi. İstənilən şəkildə bu, etnik təmizləmə idi.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi bu gün Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olaraq müəyyənləşdirilib və bu istiqamətdə davamlı olaraq addımlar atılmaqdadır. Həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu qırğının Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı kimi tanınması üçün sərgilər, təqdimatlar, kitablar, müxtəlif dillərdə çap olunmuş jurnal və qəzet materialları nümayiş etdirilib, müxtəlif şəhərlərdə mitinqlər və konfranslar baş tutub, "Xocalı soyqırımı: siyasi, hüquqi və psixoloji aspektlər" mövzusunda dəyirmi masalar və sosial şəbəkələrdə onlayn kampaniyalar keçirilib. Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Xocalıda yaşanan dəhşət və həmin gecənin canlı şahidləri ilə müsahibələr dünyanın bir çox milli və beynəlxalq səviyyəli kitab, jurnal, qəzet və məqalələrində yer alıb. Bunlarla yanaşı Xocalı soyqırımının əsl təşkilatçısının Ermənistan hökuməti olduğunu danılmaz bir fakt olaraq dünyaya təqdim edən əsas məqam isə onların öz fikirləri ilə etiraf olunmuş kitab və müsahibələridir. Bu gün belə satışda olan və Marker Melkonyanın yazdığı “Qardaşımın yolu” kitabı erməni silahlısı və Xocalı qətliamının iştirakçısı olmuş Monte Melkonyanın həyatına həsr olunub. Xarici dillərə tərcümə olunmuş kitabın Ermənistan terrorçusunun “qəhrəman” kimi qələmə verilməsi nə qədər təəssüf hissi doğursa da, orada qeyd olunan sətirlər Xocalı şəhərinə edilən hücumun strateji bir hədəf olduğunu da açıq şəkildə sübut edir və Ermənistanın terrorçu xislətini ortaya qoyur. Həmçinin, Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala 2000-cü ildə verdiyi müsahibəsində “Xocalıdan əvvəl azərbaycanlılar bizim onlarla zarafat etdiklərini, ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Biz bunun əksini sübut edə bildik…” kimi fikirləri Xocalı qətliamında Ermənistan hökumətinin birbaşa iştirak etdiyini sübut edir.
Azərbaycan 200 ildir ki, ermənilər tərəfindən planlaşdırılmış etnik təmizləmə və soyqırımın qurbanı olub. Ermənistanın qanunsuz işğalı nəticəsində Azərbaycan xalqı öz tarixi torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Sovet dövründə azərbaycanlılar da öz tarixi torpaqlarından didərgin düşüblər. 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandan deportasiya edilərək Kür-Araz düzünə yerləşdirildi. 1988-ci ildə 250 min azərbaycanlı öz tarixi ərazilərindən qovulub. 1988-ci ildən başlayan Dağlıq Qarabağ hadisələri ermənilərin “dənizdən-dənizə dövlət qurmaq” istəyini həyata keçirmək üçün davamlı səylərlə yanaşı, şəhər və kəndlərin dağıdılmasına, minlərlə günahsız insanın qətlə yetirilməsinə, o cümlədən insanların didərgin düşməsinə səbəb olub. Buna əsasən, bir daha ermənilər tərəfindən Xocalıda baş verən qırğın beynəlxalq humanitar hüququn qanun və qaydalarına, BMT konvensiyalarına, qadın və uşaq hüquqları ilə bağlı insan haqları perspektivlərinə və dağıdılmış Xocalı şəhərinə əsaslanan aşkar faktlarla etnik təmizləmədir.
Azərbaycan 27 il ərzində BMT-nin Təhlükəsizlik Şurasının reallaşdıra bilmədiyi 4 əsas qətnaməni icra edərək regionda sülhü və ədaləti bərqərar etsə də, təəssüf olsun ki, Xocalı qətliamı bir çox dünya dövlətləri tərəfindən hələ də tanınmamış olaraq qalır. Beləliklə, Azərbaycan həmin qanlı gecənin şahidi olan insanların naminə mübarizəsini davam etdirəcək və Xocalını soyqırımı kimi dünyada tanıdacaq.
30 ildən sonra “Xocalı” kədərinin kölgələri qalib və parıldayan Azərbaycana çevrilib. Bu gün qalib xalqın yeganə istəyi, Xocalı soyqırımının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, sadəcə o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır. Dünyanın bu soyqırımına qarşı laqeyd qalması, gələcək nəsillərin millətlər arasında dostluq və birliyə olan ümidlərini yox edəcək.
Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı