Qan Turalı yazır...
Bu hekayə amerikalı bir jurnalistin hekayəsidir. Xocalı faciəsi haqqında dünya mətbuatında (“Vaşinqton Post”) ilk xəbər də məhz onun imzası ilə çap edilmişdi. Həmin məşum günü jurnalist Tomas Qolts (Thomas Goltz) “Azərbaycan gündəliyi” kitabında belə xatırlayır.
Xocalı fəlakəti haqqında ilk xəbər Goltsa Xalq Cəbhəsinin mətbuat xidmətindən gəlir (o vaxt prezident Mütəllibov idi). Qolts əvvəlcə bu xəbəri hər gün yayılan şayiələrdən biri kimi qiymətləndirir, amma yenə də hökumət rəsmilərini soraqlamağa başlayır. Gecəyarısı Vəfa Quluzadəyə zəng vurur. Sualını verməyə macal tapmamış Vəfa Quluzadə - “Bu barədə danışa bilmərəm”, - deyib dəstəyi asır. Ardıcıl zənglər... Vəfa Quluzadənin telefonu məşğuldur. Yarım saat sonra danışa bilir.
- Vəfa, nə oldu?
- Dəhşətli fəlakət oldu.
- Nə baş verib?
- Soyqırımı.
- Harada?
- Xocalıda.
Dəstək yenidən asılır. Səhər saat 7-də isə Qolts Ağdama gedən maşındadır. Xocalıdan xilas olan sakinlərlə danışır, yüzlərlə meyiti öz gözləri ilə görür. “Reuters”in müxbiri, Qoltsun türk həyat yoldaşı, rus fotoqraf və hər kəs sarsılıb, darmadağın olub, gəzən ölüyə çevrilib. Beyinlər donub, sözlər ölüb.
Ancaq Qolts tarixdə misli görünməmiş bu dəhşətli fəlakət qarşısında peşə borcunu unutmur:
“Bəli, bizə dözüm lazım idi, indi xəbər yazmaq vaxtı idi. Burada soyqırımı olmuşdu və dünya bunu bilməli idi”.
Qolts BBC-nin müxbiri ilə əlaqəyə keçir və yüzlərlə insanın vəhşicəsinə öldürüldüyünü, Xocalıda soyqırımı törədildiyi xəbərini çatdırır. Ancaq BBC müxbiri inanmır. Qolts ona “Reuters”in xəbər bülleteninə baxmağı məsləhət görür. Çünki “Reuters”in müxbiri də onun yanındadır və səyyar teleks aparatı ilə mərkəzə xəbərlər göndərir. Di gəl ki, hələ də “Reuters” Xocalı barədə xəbər yaymayıb.
Bu vəziyyətin bir neçə səbəbi var, ən birincisi bu idi ki, Xocalıya qədər lokal münaqişələr olurdu, ancaq qurbanlarının sayı 100-lərlə ölçülən bir insident qeydə alınmamışdı. İkincisi bu idi ki, ölkə Prezidentinin mətbuat xidməti cəmi 2 nəfərin öldürüldüyünü bildirmişdi.
“Vaşinqton Post” qəzetinin Moskva bürosuna zəng vuran Qolts soyqırımı haqqında xəbəri orada çap etdirə bilir. Həmkarları ondan soruşurlar:
“Bu qədər meyiti şəxsən gördünmü?”. “Bəli”, - deyə cavab verir Qolts. O gün orada 477 meyit görmüşdü...
Bakıya qayıtdıqdan sonra Prezidentin mətbuat xidmətinin rəhbəri Rasim Ağayevi yalan danışmaqda ittiham edir. O da jurnalisti hərbi sirləri yaymaqda. Jurnalist saxlanılır və bir neçə saat sonra azadlığa buraxılır.
“Azadlığa buraxılan kimi şəhərin mərkəzinə getdim. Dollar dəyişməli idim. Dolları masaya qoyanda sarsıldım, sanki bütün faciə bütün siqləti ilə mənə indi ayan oldu, elə bil baş verən hər şeyi bu anda dərk etdim. Dolları götürüb küçəyə çıxmağım yuxu kimi yadımdadır. Küçə axşam alış-veriş etməyə çıxan gülərüz adamlarla dolu idi. Hamısı gülürdü, ətrafda gəzirdi və mən onların hamısına nifrət edirdim. Bəlkə də onlar mənim bildiklərimi bilmirdilər. Bəlkə də bilirdilər, ancaq dəli olmamaq üçün özlərini belə aparırdılar. Mən onların maşınlarının təkərlərini deşmək, evlərini yandırmaq, burunlarını sındırmaq istəyirdim. Ancaq heç nə etmədim. Evə qayıtdım. Özümə böyük stəkanda içki süzüb birnəfəsə içdim. Yoldaşım saxlanıldığımı bilmirdi. Bu vaxta qədər harada olduğumu soruşdu. “Xocalıda, - dedim. - Xocalıda”.
Nə ərzağın, nə içməli suyun olduğu o qəsəbədə ruhlarla birlikdə idim, tanıdığım, nə zamansa tanış olduğum hamı ölü idi, meyit idi, cənazə idi, Mən ağlamağa başladım, ağladım, ağladım...”