Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Belə ki:
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb;
- daxili yanğın kranları yoxdur;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- sex odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz edilməyib;
- obyektin daxilində boyama otağı havalandırma sistemi ilə təmin edilməyib və otağın arakəsmə divarları və tavan hissəsi yanar materialla üzlənib;
- yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;
- təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan və metal sobadan istifadə olunur;
- obyektin daxili taxta yonqarlarından təmizlənməyib;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;
- sexin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.