“İnşaat sexim var idi. Yanğın başlayanda xəbər etdilər, qaçıb gəldim. Heç sexin qapısını aça bilmədim”.
Bunu Oxu.Az-a açıqlamasında zərərçəkmiş İntiqam Kərimov deyib.
O bildirib ki, yanğın səbəbindən sexdə olan 60-70 min manat civarında inşaat materialları yanıb:
“Səhər saatlarında yanğın başlayıb. Hələ biz də yanğının hansı səbəbdən başladığını bilmirik. Sex sığorta olunmamışdı. Heç biz sığorta ilə bağlı kimə müraciət edilməlidir, onu da bilmirdik. 60-70 min manat civarında mal yandı, kül oldu. Heç sexin qapısını da aça bilmədim. Bahalı cihazlar, dəzgahlar yandı. Mənə ümumilikdə dəymiş ziyan dəzgahlar və mal qarışıq 140-150 min manat dəyərindədir”.
Xatırladaq ki, noyabrın 23-ü, saat 5:55-də Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın başlayıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda yanğınla mübarizə aparırlar. 4 000 kvadratmetr sahəni əhatə edən yanğında bir nəfər həyatını itirib.
Könül Cəfərli