“Şərifzadə küçəsi, 174 və 162 saylı binalarda yaşayanlardan heç kim qolundan tutulub küçəyə atılmayacaq. Son sakin öz xoşu ilə mənzilini tərk etməyənədək heç bir söküntü işləri aparılmayacaq!”
Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov Oxu.Az-a açıqlamasında belə deyib.
“O binalar söküntü üçün İcra Hakimiyyətindən xəbərsiz hasara alınmışdı. Söküntü işlərini yerinə yetirəcək “Qismət-M Construction” şirkəti özbaşınalıq etmişdi. Biz xəbər tutan kimi hasarları aradan qaldırdıq”.
S.İslamov bina sakinlərinin bir qismi ilə ötən həftə İcra Hakimiyyətində görüş keçirildiyini bildirdi: “Sakinlərin böyük əksəriyyəti bu köhnə binaların sökülməsindən narazı olmadıqlarını deyirlər. İllərdir bunu gözlədiklərini etiraf edənlər də var. Binalar çox köhnədir, insanlar daha yaxşı şəraitdə yaşamaq istəyirlər. Binaların sökülməsi dövlət layihəsilə həyata keçirilir. Mənzillərinin əvəzinə onlara veriləcək məbləğlə bağlı heç bir problem yoxdur. Narahatçılığa əsas yoxdur, bütün işlər sakinlərlə qarşılıqlı razılaşma əsasında görüləcək. Heç bir sakin narazı qalmayacaq”.
6 iyul (18:30)
Yasamal rayonu, Şərifzadə 174 ünvanında yerləşən yaşayış binası sökülür.
Binanın sökülməsindən narazı olan sakinlərdən biri Müşfiq Əhədov Oxu.Az-a müraciətində, söküntü işlərinin “Qismət-M Construction” MMC tərəfindən aparıldığını bildirdi: “Bizim binada 112 mənzil var. Bu mənzillərdə yaşayan bir nəfərə də olsun xəbər verilmədən artıq bina hasara alınıb. Biz yolu bağlamaqla narazılığımızı bildirdik. Bundan sonra söküntü aparan şirkətin nümayəndələri üzə çıxdılar. Bizə təklif etdikləri kirayə haqları və hər kvadrat metrə görə veriləcək məbləğ də bizi qane etmir. Çox aşağıdır. Bizim mülkiyyət hüququmuz aşıq-aşkar pozulur. Sakinlərin adından əsas danışan mənəm. Məni öfislərinə çağırırlar. Rəhbərlərinin adını soruşuram, deyirlər ki. Ofisə gəl, deyəcəyik. Bu necə şirkətdir axı? Rəhbərlərinin adını niyə gizlədirlər”?
Şirkət nümayəndələri sakinlərə binanın pilot layihə çərçivəsində söküləcəyini, narazılığa heç bir əsas olmayacağını bildiriblər.
Narazı sakinlərin “Qismət-M Construction” MMC-nin nümayəndələrilə danışıqlarını əks etdirən videoları təqdim edirik:
Zülfiyyə Qurbanova
www.oxu.az