“Qaz ilə bağlı problem artıq aradan qaldırılıb”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda deyilir:
“Yanvarın 26-da paytaxtın Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olundu və dərhal əməkdaşlarımız həmin əraziyə ezam edildilər.
Mütəşəkkil qaydada problemin aradan qaldırılması istiqamətində işə başlanıldı. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları gecə saatlarında da bu istiqamətlərdə işləri intensiv olaraq davam etdirdi. Nəhayət artıq bu saata konkret deyə bilərik ki, problem aradan qaldırıldı.
Yasamal rayonu ərazisinə qazın verilişi təmin olundu. Ola bilsin ki, təzyiqlə bağlı lokal problemlər yaşansın. Təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə yüksək təzyiqli mavi yanacağı boru xətlərinə vermək doğru deyil. Əməkdaşlarımız təzyiq məsələsini də mütəmadi olaraq diqqətdə saxlayacaqlar”.
13:20
Ötən gün Yasamal rayonu ərazisində qaz borusu partlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanladıq.
“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Yasamal rayonunda baş verən qəzanın nəticələri aradan qaldırılır:
“Ötən gün paytaxtın Yasamal rayonunun Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalanan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində qəza halı baş verib. Üç yerdə yeraltı boru xəttində sızma aşkar olunub. Məcburi dayanmaya getdik. Elan verdik. Dərhal yaranan problemlə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnikası cəlb olunub. Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Məlumat üçün bildirək ki, qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək”.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid