Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini T.Cavadova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.
Həmin şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Tovuzda yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayev və onun həyat yoldaşı Sadəgül Qocayevaya ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə qaytarılıblar. Onlar barədə qanuni tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
