Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Yanğın nəticəsində yataqxana binasının yeddinci mərtəbəsinin dəhlizində olan 1 ədəd divan və 1 ədəd kreslo yanıb.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
12:03
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında qeydə alınıb.
Yataqxananın 7-ci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.