Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeddi yaşlı uşağın ölümünə görə məşqçini işə götürən məsuliyyətə cəlb ediləcək? - HÜQUQİ İZAH + FOTO
“İdman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovun ölümünə səbəb olan məşqçini işəgötürən şəxs və ya qurum onun psixoloji diaqnostikasını aparmalı idi”.
Bunu Oxu.Az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. O qeyd edib ki, qanunvericiliyə əsasən, belə hadisələrə görə işəgötürən də məsuliyyətə cəlb edilir:
“Lakin bu prosesdə imzalanan müqavilənin şərtlərinə, tərəflərin razılıq verdiyi məqamlara diqqət etmək lazımdır. Çünki məktəblərin idman zalları razılaşma əsasında icarəyə verilir. Bu zaman kiminsə orada məşq keçməyinə razılıq veriləcəksə, təqdim edilən arayışlar, aparılan psixoloji diaqnostika əsasında bu addım atıla bilər. Uşaqlarla işləyən, onlarla təmasda olan hər kəsin psixoloji vəziyyəti normal, adekvat olmalıdır. Bu, sağlamlıq haqqında arayış deyil ki, müəyyən məbləği ödəyib, alasan. Psixoloji diaqnostika ciddi aparılmalıdır. İdman dərsi də pedaqoji fəaliyyət sayılır. Necə ola bilər ki, həmin dərsi keçən şəxsin psixoloji diaqnostikası aparılmır?
Məşqçinin orada dərs keçməsinə icazə verilərkən imzalanan müqavilədə hər iki tərəfin öhdəlikləri qeyd olunmalı idi. İstənilən halda işəgötürənin bu məsələdə məsuliyyəti var. Zərərçəkən tərəf - uşağın valideynləri - işəgötürənin də məsuliyyətə cəlb edilməsini tələb edə bilər”.
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin məlumatına görə, 29.04.2023-cü il tarixdə saat 17 radələrində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçisi Mehman Mehran oğlu Xəlilov Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin idman zalında sambo idman növü üzrə məşq keçən zaman 14.02.2016-cı il təvəllüdlü Fərid Revaz oğlu Bakarov xəsarət alaraq dünyasını dəyişib. F.Bakarov həmin məktəbin şagirdi, M.Xəlilov isə həmin məktəbin müəllimi deyil. 2022-ci ilin oktyabrından elm və təhsil nazirinin müavini Firudin Qurbanovun ümumtəhsil müəssisələrində dərsdənkənar vaxtlarda məktəbdənkənar müəssisələrin fəaliyyətinə köməklik göstərilməsi ilə bağlı rəsmi məktubu daxil olmuşdu. Bu məktubun, eləcə də “Təhsil” RİM-in direktoru Fuad Aslanovun imzası ilə 19 nömrəli məktəbə göndərilən məktubun əsasında M.Xəlilov 19 nömrəli məktəbdə məşq keçib.
Aysel Aslan
Rəylər