"Meyit donordan orqan köçürülən xəstələrdən biri transplantasiyadan, təxminən, bir-iki ay sonra ağır infeksiya nəticəsində septik şok diaqnozu ilə dünyasını dəyişib. Qalan xəstələrin isə vəziyyəti stabildir və bərpa prosesləri davam edir".
Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a müsahibəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O, həmçinin qeyd edib ki, hazırda ölkədə orqan transplantasiyası üzrə gözləmə siyahısında olan vətəndaşların sayı 1 000-dən yuxarıdır:
"Bu şəxslərin orqanlar üzrə təqribi bölgüsü belədir: böyrək üzrə, təxminən, 360 nəfər, gözün buynuz qişası üzrə, təxminən, 20 nəfər, qaraciyər üzrə, təxminən, 150 nəfər, ürək üzrə, təxminən, 25 nəfər və sümük iliyi üzrə, təxminən, 540 nəfər".