Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeni qanun işaxtaranların qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq?
İnsanların iş tapmaq problemi hər zaman aktualdır. Bunun üçün cəmiyyətin və dövlətin köməyinə və dəstəyinə ehtiyacı yaranır. Bu baxımdan, hazırda işsizlərə yardım üçün xüsusi proqramlar hazırlanır və ixtisaslaşdırılmış məşğulluq mərkəzləri işləyir, sosial dəstək göstərir, işə düzəlməyə kömək təklif edilir. Eləcə də ölkəmizdə həyata keçiriləcək məqsədli proqramlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunmasına xidmət edəcək. Prezident İlham Əliyevin imzaladığı "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərdən biri də bu proqramlarla bağlıdır.
Təbii ki, işsizlik problemi həll olunmalıdır və burada məşğulluğun təşviqi sahəsində əhaliyə və işəgötürənlərə xidmət göstərən məşğulluq orqanlarının böyük rolu var.
Bəs məqsədli proqramlar insanların üzləşdiyi işsizlik probleminin həllinə nə qədər yardımçı olacaq?
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Yeni iş imkanlarının yaradılması
"Məqsədli proqramlar qanunla müəyyən edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün yeni iş yerlərinin yaradılması ilə bağlı işəgötürənlərin verdiyi layihələrin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsidir", - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən sorğumuza verilən cavabda bildirildi.
Belə ki, dəyişikliyə əsasən, məqsədli proqramların icrası müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçiriləcək: "İşəgötürənlər yeni iş yerlərinin yaradılması ilə bağlı öz layihələrini təqdim edəcəklər. Müsabiqədə son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə ölkəmizdə vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən, müvafiq məlumatları vakansiya bankına təqdim edən işəgötürənlər iştirak edə biləcəklər". DMX-dən bildirildi ki, müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə üstünlük veriləcək:
"Qalib olmuş işəgötürənlə müvafiq məqsədli proqramın istiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyəti göstərilməklə 3 (üç) illik müddətə müqavilə bağlanılacaq. Bu iş yerlərində iş ilə təmin olunan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərlə isə iki ildən az olmayan müddətə əmək müqaviləsi imzalanacaq. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi və bu kateqoriyadan olan şəxslər üçün yeni iş imkanlarının yaradılmasıdır".
Minimum əməkhaqqı artdıqca...
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək: "Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə, təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onlar özəl sektorda işə cəlb olunacaqlar və maaşları dövlət tərəfindən ödəniləcək". İqtisadçı bildirir ki, yeni qanun işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq: "Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək".
Əməkhaqqının birgə maliyyələşdirilməsi
"Proqram məqsədəuyğundur, amma necə icra edilməsi vacib məslədir", - deyən iqtisadi məsələlər üzrə mütəxəssis Rəşad Həsənov hesab edir ki, bu tip məşğulluq tədbirləri həm həssas sosial qrupların rifahının təmin edilməsi, həm də dövlət vəsaitlərinin səmərəli istifadə edilməsi baxımından müsbət təşəbbüsdür:
"İnsanlar işləyəcək və gəlir əldə edəcəklərsə, onların artıq ünvanlı sosial yardıma ehtiyacı qalmayacaq. Dövlət bu tərəfdən vəsaitə qənaət edəcək. Eyni zamanda, bu, sosial iş yerlərində əməkhaqlarının birgə maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi çərçivəsində həyata keçirilən bir prosesdir. 2020-ci ildə yaradılan əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizminə ayrılan vəsaitlərdən istifadə mexanizmi özünü doğrultmadı. Böyük ehtimalla kommunikasiyada problem oldu və müəyyən şərtlərin yumşaldılmasına ehtiyac var. Hesablama Palatası bu istiqamətə ayrılan vəsaitin üç milyondan bir milyona azaldılması ilə bağlı təşəbbüslə çıxış etdi. Əsaslandırması da bu oldu ki, ayrılan pullar istifadə edilmir. Artıq bu layihə çərçivəsində müəyyən dinamika var. Son dörd ildə 2600 nəfər işlə təmin edilib. Əgər bu proses düzgün kommunikasiya edilərsə və sahibkarlar işçilərinin əməkhaqqının dövlət tərəfindən subsudiyalaşdırılmasını bilərlərsə, bu fürsətdən istifadə etməyə çalışacaqlar. Sadəcə, bu prosesə neqativ təsir göstərən məqam sahibkarların əmək münasibətlərində leqallaşdırmama məsələsindən qaynaqlanır və buna az meyillənirlər. Düşünürəm ki, meyarlara uyğun gələn şirkətlərin razılaşma əsasında prosesə cəlb edilməsi proqramı genişləndirəcək".
İqtisadçı hesab edir ki, kriteriyalara bir az yumşaq yanaşmaq lazımdır:
"Məsələn, işəgötürən şirkətin vergi borcunun olub-olmaması o qədər də sərt meyar olaraq müəyyən edilməməlidir. Amma bu, yeni qaydalarda öz əksini tapdı. Burada əsas məqsəd məşğulluğun dəstəklənməsidirsə, bu kimi meyarları müəyyən edəndə daha ehtiyatlı olmaq lazımdır".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb
Rəylər