Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri - VİDEO
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.
“Report”un məlumatına görə, həmin şəxslər həkimin qonşularından birinin evinin videomüşahidə kamerasına düşüblər.
Görüntülərə üç nəfər düşüb. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq var. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşırlar.
Hadisəni 3 nəfər törədib, onlardan 2-si həbs olunub, 1-i isə qaçaraq gizlənib.
Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar. Şübhəlilərin axtarışları zamanı ilk tapılan dəlil də qana boyanmış geyimlər olub.
Məlumata görə, şübhəlilərdən biri həkimin qonşusudur.
Hazırda B.Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən üçüncü şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Rəylər