Paytaxt ərazisində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yolgöstərici xətlər, piyada keçidləri rəngləndikdən bir neçə ay sonra görünməz hala düşür. Aidiyyəti qurumların sözlərinə görə, buna səbəb nəqliyyatın intensivliyi və atmosfer yağıntılarıdır.
Buradan belə bir sual ortaya çıxır ki, bəs iqlim şəraitinə görə Azərbaycandan daha çox atmosfer yağıntılarına məruz qalan ölkələrdə bu problem niyə yaşanmır?
Məsələnin iki tərəfi var: ya yollara çəkilən boyalar keyfiyyətsizdir, ya da...
Birinci məqam:
Tərkibindən asılı olmayaraq, asfalt örtük üzərinə çəkilən boyalar bir müddət sonra keyfiyyətini itirir və silinir. Lakin təbii ki, burada keyfiyyət məsələsi öz sözünü deyir. Boya nə qədər keyfiyyətlidirsə, dayanıqlılığı və uzunömürlülüyü də bir o qədər çox olur.
Dünya praktikasına nəzər salaq. Uzağa getmədən demək olar ki, qonşu Gürcüstanda, Türkiyədə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgilərinin xətlənməsində termoplastik boyalardan istifadə olunur.
Bu boyalar tərkibinə görə aramsız yağan yağışlara, intensiv nəqliyyat sisteminə, nəqliyyat vasitələrinin təkərlərinin sürtünməsinə və qızmar günəş şüalarına kifayət qədər davamlıdır. Elə ən uzunömürlü boyalar da məhz termoplastik boyalar hesab edilir.
Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev Oxu.Az-a açıqlamasında deyib ki, əvvəllər yol cizgiləri çəkilməzdən qabaq həmin xətlərin ölçüsündə xüsusi materialdan olan “plyonka” zolaqlar çəkilirdi, daha sonra həmin materialın üstü boyanırdı. Həmin zolaqlar asfalt örtüyü ilə eyni səviyyədə deyil. Bir qədər qabarıq olur.
“Yol cizgilərinin çəkilməsi zamanı bir çox səhvlərə yol verilir. Əgər piyada keçidləri, yol cizgilərinin xətləri qısa müddətdə silinirsə, deməli, ya çox keyfiyyətsiz boyalardan istifadə edilir, ya da prosedur standart ardıcıllıqla aparılmır. Necə olur ki, əvvəllər nişanlanma xətləri çəkildikdən sonra illərlə yararlı vəziyyətdə qalırdı, amma indi bir neçə ay sonra silinib gedir?
Bununla yanaşı, həmin boyaların (rəngin) işıqqaytarıcı xüsusiyyəti olmalıdır ki, sürücülər nəqliyyat vasitələrinin müvafiq zolaq üzrə hərəkətinə nəzarət edə bilsin, piyadalar isə gecə saatlarında həmin ərazidə onlar üçün ayrılan yerləri görə bilsinlər. Xarici ölkələrdə gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti zolaqların işıqqaytarıcı xüsusiyyətləri sayəsində rahat olur.
Yollarımızdakı xətlər yağışa, günəşə dözmür - ARAŞDIRMA
Rəylər