Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan etdi.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlərdən 2 nəfər 700 bal toplayıb. Onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.
II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə - 700 bal toplamış gənclərdən biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı “Zəkalar” Liseyinin məzunudur.
Qoşqar Qədimbəyli təəssüratlarını Modern.az saytı ilə bölüşüb:
“Mən nəticədə 700 bal gözləyirdim. Cavablar açıqlananda təəccüblənmədim. Normal qarşıladım. Son sınaqlarda 646-674 arası bal toplamışam. Yalnız 11-ci sinifdə imtahan verəcəyim fənlərdən hazırlığa getmişəm. Ailəm çox sevindi. Evimizdə bayram ab-havası var. Harada və hansı ixtisas üzrə təhsil alacağıma qərar verməmişəm”.
O, eyni zamanda cari tədris ili ərzində “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən Respublika Olimpiadasının final turunda gümüş medal qazanıb.
700 bal toplayan Samir Rzayev Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.
“İmtahan testlərinin cavablarını yaxşı yazdığımı bilirdim, amma 700 bal mənim üçün sürpriz oldu. 700 balı gözləmirdim. Eşidəndə heç bir şey hiss etmədim. Ailəm xəbəri eşidəndə çox sevindi”, Samir Rzayev deyib.
Samir deyir ki, imtahanlara kənarda deyil, elə oxuduğu liseydə hazırlaşıb. Yəni Bakı Türk Liseyinin təhsili ona yetərli olub.
Samir Rzayev ixtisas seçimi haqda da fikrini qətiləşdirib:
“İstədiyim ixtisas “Biznesin idarə edilməsi”dir. ADA Universitetində təhsil almaq istəyirəm”.