Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisəyə paltaryuyan maşının partlaması səbəb olub.
Yanğın Yeni Zığ yaşayış kompleksində yerləşən 11 mərtəbəli binanın ikinci mərtəbəsində baş verib.
Mənzil sahibi Azad Əhmədov hadisə zamanı işdə olduğunu bildirib:
"Mən işdə idim, anam evdə olub. Zəng edib dedi ki, ev alışıb yanıb. Gəlib gördüm ki, paltaryuyan maşın partlayıb və yanğın baş verib".
Onun sözlərinə görə, qonşular da hadisəyə müdaxilə edərək yanğının söndürülməsinə kömək ediblər.
Zığ qəsəbəsində baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 11 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb".
Zığ qəsəbəsində çoxmərtəbəli yaşayış binasının birotaqlı mənzilinin mətbəxində yanğın baş verib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.