"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik FIRST (Forum of Incident Response and Security Teams - İnsidentlərə Qarşı Mübarizə və Təhlükəsizlik Forumu) təşkilatına üzv qəbul edilib.
Bununla da "AzInTelecom" FIRST tərəfindən Azərbaycanda nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kimi tanınıb və "Transport CERT" komandası statusunu qazanıb. Üzvlük çərçivəsində komandanın fəaliyyəti "SIM3" modeli üzrə qiymətləndirilib və yerində baxış əsasında beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.
Bu status "AzInTelecom"a xarici mənşəli kiberhücumları beynəlxalq tərəfdaşlarla operativ neytrallaşdırmaq, MISP platforması üzərindən təhdid kəşfiyyatı mübadiləsi aparmaq, həmçinin təşkilatda səsvermə, işçi qruplarında təmsilçilik hüququ qazandırır.
"AzInTelecom"un FIRST-yə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir. Eyni zamanda, şirkətin "Google", "Amazon", "Microsoft", "Apple", "Cisco" və "CrowdStrike" kimi dünya nəhəngləri ilə eyni qlobal müstəvidə təmsil olunmasını təmin edir, nəqliyyat sektorunda kiberdayanıqlılığın gücləndirilməsinə və institusional imkanların inkişafına töhfə verir.
Qeyd edək ki, "AzInTelecom" fəaliyyətini Azərbaycan Respublikasının 2023-2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir. Şirkət kibertəhlükəsizlik sahəsində potensialını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin rəqəmsal təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.