Sığorta bazarında öz keyfiyyətli xidməti ilə yanaşı hər il uğurlarını yeniləyən “Qala Sığorta” şirkəti daha bir nailiyyətə imza atıb.
2023-cü ilin əvvəllərində təkrarsığorta lisenziyasına malik olan şirkət, artıq həm sığorta, həm də təkrarsığorta xidməti göstərərkən, bu sahədə keyfiyyətin idarə olunmasına, eyni zamanda müştərilərinin məmnuniyyətinin ölçülməsinə beynəlxalq standartlarla yanaşacaq. Belə ki, cari ilin 2-ci rübündə cəmiyyət ISO beynəlxalq standartları çərçivəsində “ISO 9001:2015 - Keyfiyyəti idarəetmə sistemi” və “ISO 10002:2018 - Müştəri məmnuniyyəti idarəetmə sistemi” üzrə müvafiq sertifikatları əldə etdi.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə “Qala Sığorta” şirkəti 2022-ci ildən bu layihəyə start vermişdi. Şirkət, daxildə işçi qrupu formalaşdıraraq cəmiyyətin fəaliyyəti ilə bağlı bütün prosedur və proseslərin optimallaşdırılması istiqamətində ciddi işlər görüb. Nəticə etibarilə, hal-hazırda şirkətin proses və prosedurları işlək və qərarların verilməsi üçün çevik bir alətə çevrilib. Sığorta bazarının bütün seqmentlərində uğurla təmsil olunan şirkət, ISO beynəlxalq idarəetmə sertifikatlarına sahib olmağı qarşısına strateji hədəf kimi qoyub. Bu hədəfə çatmaq üçün cəmiyyət kifayət qədər inzibati və texniki resurslara malik olmaqla yanaşı, kadrlarının peşəkar təlimlərdə iştirak edərək ISO beynəlxalq idarəetmə sistemində daxili audit kimi formalaşmasına da şərait yaradır.
Xatırladaq ki, 2015-ci ildə “Qala” brendi altında yenidən təşkil olunan cəmiyyətin strateji hədəflərinin icra olunmasında başlıca məqsədi şirkətin bazarda rəqabətə davamını artıraraq güclü oyunçular sırasında möhkəmlənməsinə şərait yaradacaq. Bu da öz növbəsində cəmiyyətə həm gələcəkdə yeni müştəri seqmentinə öz xidmətlərini peşəkar şəkildə təqdim etməyə, həm də həm də beynəlxalq arenada tanınmağa kömək edəcək.