Son günlər “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri sığorta bazarında sığorta agentlərinə təlimlərin keçirilməsi, çoxlu sayda yeni sığorta agentlərinin yetişdirilməsi, gələcəkdə onların məşğuliyyətinin təminatı ilə bağlı geniş çağırış edib. Mövzu maraqlı olduğu üçün daha ətraflı məlumat almaq istədik.
Müsahibimiz “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurovdur:
- Əvvəlcə oxuyucular üçün bəzi məqamlara aydınlıq gətirək. Sığorta agenti əslində kimdir, nə ilə məşğul olur?
- Sığorta agenti sığortalı ilə sığortaçı arasında vasitəçidir. Yəni müştərilərlə sığorta şirkəti arasında danışıqları aparan, sığorta müqaviləsinin bağlanması istiqamətində sığortaçının verdiyi səlahiyyətlər çərçivəsində müəyyən işləri görən fiziki və ya hüquqi şəxsdir.
- Hazırda sığorta bazarında sığorta agenti xidmətindən necə istifadə edilir?
- Sığorta bazarında sığorta agentlərinin rolu böyükdür. Onların fəaliyyətini bir neçə istiqamətdə təsnifləşdirmək olar. Onlardan bir qismi müəyyən müştəri bazasına malikdir və illər ərzində müştərilərinə etibarlı xidmətin göstərilməsini təmin edir. Nəticə etibarilə, müştərilərin hansı sığorta şirkətində sığortalanmağından asılı olmayaraq, keyfiyyətli xidmətin təminatçısı kimi, sığorta agenti çıxış edir.
Digər qrup sığorta agentləri sığorta şirkətlərinin tapşırığı ilə müştərilərlə sənədləşmə işlərində, sığorta müqaviləsinin bağlanması zamanı texniki dəstəyin göstərilməsində sığortaçının lazımi məlumatlarla təchiz olunmasında iştirak edirlər.
Bazarda bir qrup sığorta agenti də var ki, bunlar icbari sığorta növlərinin, xüsusən də icbari avtomobil sığortası üzrə satışın aparılmasında ixtisaslaşıblar. Bu qrup agentlər artıq bu sahəyə müəyyən investisiya da edərək, maddi və texniki cəhətdən, eyni zamanda proqram təminatı ilə tam təmin olunmuş vəziyyətdə çalışırlar. Xüsusilə vurğulamaq istəyirəm ki, icbari sığorta növlərinin bazarda tətbiq olunmasında vaxtilə onların rolu böyük olub.
- Qeyd etdiniz ki, agentlər eyni zamanda sığorta şirkətlərinin tapşırığı əsasında müştərilərlə sənədləşmə işlərini təşkil edirlər, nəyə görə bu xidməti sığorta şirkətlərinin öz əməkdaşları yerinə yetirmirlər?
- Sığorta şirkəti bir maliyyə institutudur, onun fəaliyyəti lisenziyalaşdırılmış fəaliyyət olmaqla dövlətin müvafiq qurumları tərəfindən nəzarət olunaraq aparılır. Sığortaçının fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır. Təbii ki, qanunvericiliyin tələblərinə uyğun formada işi qurmaq, onu təhlükəsiz şəraitdə icra etmək, habelə fəaliyyət boyu risklərin idarəolunması istiqamətində peşəkar yanaşmanı tətbiq etmək xeyli iş yükü, əhəmiyyətli dərəcədə xərc deməkdir. Qısacası, sığortaçı öz əməkdaşlarının əməyini daha çox bu istiqamətlərdə sərf olunmasını uyğun hesab edir. Bu səbəbdən böyük sığorta şirkətləri bəzi xidmətləri kənardan idarə etməklə həyata keçirilməsini öz iş fəaliyyətlərinin tərkib hissəsi kimi qəbul edərək, müştərilərlə münasibətin tənzimlənməsini sığorta vasitəçilərinə, o cümlədən sığorta agentlərinə tapşırırlar.
- Sığorta agentlərinin xidmətindən istifadə etməyin mənfi cəhətləri barədə nə deyə bilərsiniz? Bu sahədə nə kimi risklər mövcuddur?
- Qeyd etdiyim kimi, bu xidmət iki tərəf arasında vasitəçilik xarakteri daşıyır. Əsasən, sığorta şirkətinin tapşırığı əsasında müştərilərə sığorta məhsulunun satışı zamanı göstərilən xidmətdən ibarət olduğundan bu hissədə müəyyən risklər mövcuddur. Belə ki, bu zaman sığorta şirkətini müştəri qarşısında təmsil edən sığorta agenti olur. Onun xidmətinin keyfiyyətindən asılı olaraq müştəri sığorta şirkətindən ya razı, ya da narazı qala bilər. Məhz bu səbəbdən biz “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri kimi sığorta bazarında olan bu riski minimuma endirmək istəyirik. Bu məqsədlə də bazarda məsuliyyətli, kifayət qədər bu sahədə bilikləri olan, müştəri xidməti üzrə püxtələşmiş sığorta agentlərinin sayını çoxaltmağı qarşımıza hədəf kimi qoymuşuq.
- Qayıdaq mövzumuzun əvvəlinə, “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri sığorta bazarında sığorta agentləri üçün imkan yaradırlar. Bu fikir haradan formalaşdı və nəyə hədəflənib?
- Bilirsiniz, xarici sığorta bazarlarında sığorta agentlərinin səlahiyyətləri daha çoxdur. Onlar müştəri ilə münasibətdə daha çox işlər görürlər. Bəzi hallarda bir sığorta agenti yalnız bir müştəriyə xidmət göstərir və tərəflərin hər ikisi bu xidmətdən məmnun qalır. Təbii ki, bu səviyyəyə çatmaq üçün onlar uzun yol qət ediblər.
Yerli sığorta bazarında kifayət qədər bilikli, peşəkar sığorta agentləri mövcuddur. Bir çox hallarda onlar vaxtilə hansısa sığorta şirkətinin əməkdaşı olublar. Təcrübəni orada toplayıb və daha sonra sərbəst fəaliyyət göstərmək qərarına gələrək şirkətdən ayrılıblar. Buradan belə nəticəyə gəlmək olar ki, sığorta xidməti göstərmək üçün təcrübəni mütləq sığorta şirkətində çalışaraq toplamaq mümkündür. Biz istəyirik ki, bu ənənədən kənara çıxaq, bu sahəyə həvəsi olana insanlara düzgün yönləndirmə nəticəsində təlimlər keçək, bu sahədə məlumatı olmayan insanlarda isə müəyyən maraq yaradaq.
Digər tərəfdən daha əvvəl qeyd etdiyim kimi, bazarda müştəriyə peşəkar xidmətin göstərilməsi üçün sığorta agentinə etibar edilərək səlahiyyətlər verilməlidir, bu hissədə riskləri aradan qaldırmaq isə mütləqdir. Çünki sonda müştəri ilə üz-üzə qalan məhz sığorta şirkəti olur. Üçüncü tərəfdən Azərbaycan sığorta bazarı böyüyür, müştərilərin sayı çoxalır. İnsanların yanında olmaq üçün sığorta vasitəçilərinin sayı çoxalmalıdır. Sığorta şirkətlərinin nə qədər çoxlu əməkdaşları olsa da, bu heç zaman yetərli olmayacaq. Bu səbəblərdən bazarda təlimli, məsuliyyətli və peşəkar sığorta agentlərinin sayının çox olması sığorta bazarının inkişafına təkan olacaq.
- Bu aktivliyin nəticəsi olaraq “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri nə gözləyir?
- Biz Azərbaycanın sığorta bazarının inkişafında maraqlı tərəflərik. Hesab edirəm ki, sığorta agentlərinin peşəkar xidməti bu işdə əhəmiyyətli şəkildə dəstək ola bilər. “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri olaraq bazarın inkişafına töhfə vermək gələcəkdə bu inkişafda bizə düşən paya da layiqli sahib olmaq deməkdir.