O, İsveçrədə, Belçikada ali təhsil alan ulu babalarının yolunu şərəflə davam etdirir. Orta məktəbi ekstern yolu ilə bitirib. 13 yaşında Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin tələbəsi olan və 19 yaşında göz xəstəlikləri ixtisasına başlayan dünyanın ən gənc oftalmoloqudur. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Sadaladığımız bütün bu göstəriciləri özündə cəmləşdirən müsahibimiz ən gənc azərbaycanlı vitreoretinal göz cərrahı, göz dibi xəstəlikləri və cərrahiyyəsi üzrə mütəxəssis, tibb elmləri doktoru Tural Qəlbinurdur.
“...Dövlət Proqramının qalibi oldum və...”
Tural Qəlbinur: “2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində “SSK Vakıf Gureba” Tədris xəstəxanasının (“Bezm-i Alem Vakıf Universiteti”) göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə təhsil almışam. Daha sonra, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən biri olan Hadassah-Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship təhsili aldım.
İsrail ruhuma ən yaxın olan ölkələrdən biridir. Üç il davamlı olaraq orada yaşamışam. Bu ölkənin özəlliyi nədir? Dünyada elə şəhərlər var ki, onların ruhu var. Yerusəlim də ruhu olan şəhərlərdəndir. İki dinin - Xristianlığın və İudaizmin mərkəzidir. Buradakı “Əl-Əqsa məscidi” müsəlmanların ilk qibləsidir. Bu şəhərdə ayaq basdığınız hər daş bir tarixdir.:640.jpg)
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi oldum. 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən olan Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili alan və göz cərrahı kimi çalışan ilk azərbaycanlı oldum.
Kanada çox maraqlı ölkədir, dünyanın hər bir tərəfindən immiqrantlar var. Hətta qonşu Amerikadan da liberal və həyat səviyyəsi daha yüksək olan ölkədir. Maraqlı tərəflərindən biri də odur ki, müxtəlif dinlərdən, dillərdən olan insanlar bir ölkəyə yığışsalar da, çalışdığım xəstəxanada mənə elə gəlirdi ki, sanki bütün yaxşı insanlar bu ölkədə toplaşıb. Hətta deyək ki, yolla gedirsiniz və ünvanı bilmirsiniz. Onlar özləri yaxınlaşıb sizdən soruşacaqlar ki, necə yardım edə bilərik. Qonaqpərvərliyi və yardımsevərliyi ilə fərqlənirlər”.
“...korluğun əsas səbəblərindən biri olan yaşa bağlı makula degenerasiyası...”
Tural Qəlbinur: “British Journal Ophthalmology” jurnalında elmi işim çap olundu. Dünya oftalmoloqlarının da diqqətini cəlb edən bu elmi iş dünyada korluğun əsas səbəblərindən biri olan yaşa bağlı makula degenerasiyası olan xəstələrin müalicə probleminə həsr olunub. Məhz bu elmi işim San-Fransisko şəhərində Amerika Oftalmologiya Akademiyasının konqresində yüzlərlə tədqiqatın içərisində seçilən ilk orijinal əsər kimi təqdim olundu”.
Azərbaycanda gözdibi xəstəliklərinin dərin bilicisi kimi daha çox onun adı çəkilir.
Tural Qəlbinur: “2005-ci ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim və tibb elmləri namizədi alimlik dərəcəsini aldım. 2016-cı ildə elmlər doktoru alimlik dərəcəsini aldım. Dissertasiya mövzum “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sisteminə (eksperimental-klinik tədqiqat) həsr olunmuşdu.
:640.jpg)
ABŞ-da, İsveçrədə, Böyük Britaniyada və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və təlimlərdə mütəmadi olaraq iştirak edirəm. Qazandığım elm və təcrübə sayəsində bu günə kimi oftalmologiyada çox sayda nadir ağır cərrahiyyə əməliyyatlarını həyata keçirmişəm. Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin, Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüyəm”.
:640.jpg)
“gözün bəbəyi” elə gözün torlu qişasıdır...”
Tural Qəlbinur: “Torlu qişa beyinin bir uzantısıdır. Torlu qişada olan əməliyyatlar digər göz əməliyyatlarından fərqli olaraq 2-3 saat çəkə bilər. Gözdibi mütəxəssisləri dünyada da çox azdır.
Burada olan patologiyaların öhdəsindən gəlmək üçün bir həkimin uzun illər ciddi məktəb keçməsi lazımdır. Sadəcə torlu qişada xəstəlikləri mənimsəmək üçün əlavə beş il təhsil almışam. Tibb sahəsində isə ümumilikdə 15 il təhsil almışam. Təsəvvür edin ki, bir insanın həyatı, görməsi səndən asılıdır. Çalışırsan ki, hər vəchlə onun gözünün nurunu qaytarasan.
Torlu qişanın önəmini bu şəkildə izah edə bilərəm ki, adətən, insanlar gözün bəbəyini əsas götürür və görmədə onun daha çox rol oynadığını düşünürlər. Göz bəbəyi bir boşluqdur. Gözün bəbəyi, gözün tam mərkəzi zədə alarsa, bəlkə də gözdə elə bir fəsad olmaz, görmə itməz. Amma torlu qişada qopma olarsa, xəstə görməsini itirə bilər. Bu baxımdan “gözün bəbəyi” elə gözün torlu qişasıdır.”:640.jpg)
“...həkimlik sevgiyə bağlı peşədir...”
Tural Qəlbinur: “Xəstənin görməsini bərpa etdikdə xəstədən çox biz sevinirik. Onun verdiyi xoşbəxtliyi heç nə ilə əvəz etmək olmaz. Xəstəni yaxınları əllərindən tutub gətirirlər. Amma göz nuru qayıtdıqdan sonra heç kəsin köməyi olmadan, təkbaşına gəlirlər və bu çox sevindirici haldır. O hissləri sözlə ifadə etmək çox çətindir. Ümumiyyətlə, həkimlik sevgiyə bağlı peşədir. Mən bu gün də işimlə bağlı hər yeni çıxan vəsaitləri alıb mütaliə edirəm, xarici konfranslara tez-tez gedirəm, Azərbaycanda oftalmoloji konfranslar təşkil edirəm, həmkarlarımla daim fikir mübadiləsi aparıram”.
:640.jpg)
“...istərdim ki, hər bir insan...”
Tural Qəlbinur: “Hər bir insanın aktiv həyatla assosiasiya olunanları etməsini istəyərdim. Özüm də aktiv həyatı sevirəm. Tennis oynamağı çox xoşlayıram. Xizək sürmək də hobbilərimdən biridir. Hobbilər yaşla bağlı dəyişə bilər. Bu gün sevdiklərimlə vaxt keçirmək də mənim üçün hobbidir. Uzun illər xaricdə yaşadığıma görə dünyanın bir çox yerlərində, eləcə də Azərbaycanın müxtəlif regionlarında dostlarım var. Onlara baş çəkməyi çox sevirəm”.