Orta məktəblərdə, təhsil ocaqlarında dini təhsilin geniş şəkildə keçirilməsinin, bu yöndə ayrıca fənnin tədrisinə ehtiyac yoxdur. Mən bunun tərəfdarı deyiləm. Bu məsələdə də Təhsil Nazirliyinin mövqeyini dəstəkləyirəm.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev son günlər ölkənin təhsil ocaqlarında, xüsusilə, orta təhsil müəssisələrində dini təhsilin tədrisi məsələsi ətrafında gedən müzakirələrə münasibəti bildirərkən deyib.
Millət vəkili bildirib ki, orta məktəblərdə, sadəcə dinin humanist tərəfləri, din nədir, din xadimi, dindar kimdir və sair məsələlərlə bağlı ümumi məlumatlar, bilgilər verilməlidir.
“Biz demokratik, dünyəvi, unitar bir dövlətik.
Dövlət dindən, din də dövlətdən ayrıdır. Dövlət dinə, din də dövlətin işinə qarışmır. Odur ki, təhsil məktəblərində dinin geniş tədrisinə, bu yöndə ayrıca fənnin tədris olmasına ehtiyac yoxdur.
Bu, dünyəviliklə heç cür uzlaşmır. Amma bununla belə, dinin humanist tərəfləri, dinlə bağlı ümumi bilgilər verilə, dərsliklərə salına bilər.
Burada elə bir problem görmürəm. Bu məsələdə də Təhsil Nazirliyinin yanaşmasından çıxış edərək bildirmək istəyirəm ki, “Həyat bilgisi” dərsliyində bu barədə ümumi məlumatlar əksini tapa bilər və necə ki, bu məsələ növbəti tədris ilində nəzərdə tutulur.
Elə hesab edirəm ki, bununla da kifayətlənilməlidir. Bununla belə, biz İslam dininin daşıyıcılarıyıq. Digər dinlərdə olduğu kimi, İslam dinində də qayda-qanun yaratmaq, yaxşı insan, vətənpərvər insan yetişdirmək kimi gözəl məqamlar, çağırışlar var.
Bunları elə dövlət də deyir. Bu məsələdə dövlətlə dinin məqsədləri üst-üstə düşür. Yəni din də, dövlət də eyni məqsədə xidmət etmiş olur və belə də olmalıdır.
Bu baxımdan, bunlar yetişməkdə olan nəslə, yeniyetmələrə, cavanlara təlqin olunmalıdır.
Amma bütün hallarda din dövlətdən ayrı olmalıdır və dini təhsil ümumi şəkildə tədris edilməlidir”, - deyə millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU