“Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti 6 aprel 2023-cü il tarixdə Türkiyə Respublikasının “Ziraat Bank”ının ESG standartlarına uyğun olaraq istifadəyə veriləcək 1,3 milyard dollar dəyərində olan davamlılıq meyarlı sindikat kreditləşməsi layihəsində iştirak edib. Davamlılıq meyarı olaraq bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələnin təsirlərini yumşaltmaq məqsədilə zəlzələdən zərərçəkənlərə Dəstək Paketi üzrə ayrılan kreditlər müəyyənləşdirilib.
Layihədə 24 ölkədən 53 bank yer alıb. “Xalq Bank”ın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.
Xatırladaq ki, ötən il də “Xalq Bank” “Ziraat Bank”ın 1,24 milyard dollar məbləğində ESG standartlı sindikat kreditləşməsi layihəsində iştirak edib. ESG ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən fəaliyyət meyarlarını əhatə edir.
Türkiyə Respublikasının dövlət bankı olan “Ziraat Bank” 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 116 nümayəndəliyi mövcuddur.
2004-cü ildə əsası qoyulmuş “Xalq Bank” əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.