Avropa İttifaqı (Aİ) öz strateji dizel ehtiyatlarının bir hissəsini yalnız Beynəlxalq Enerji Agentliyinin müvafiq tövsiyəsi olacağı təqdirdə bazara çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə məlumat verib.
O bu bəyanatı ABŞ-nin Aİ-yə bazarda təcili olaraq ən azı 120 milyon barel dizel yanacağı satmağa başlaması, əks halda Vaşinqtonun Avropa ölkələrinə dizel ixracına qadağa qoyacağı ilə bağlı tələbinə cavab olaraq səsləndirib.
"Strateji ehtiyatların istifadəsi ilə bağlı hər hansı qərar Beynəlxalq Enerji Agentliyi səviyyəsində qəbul olunmalıdır. Əgər agentlik dizel ehtiyatlarından istifadəyə başlamaq barədə tövsiyə verərsə, Avropa Komissiyası bu prosesin koordinasiyasını təmin edəcək", - deyə İtkonen bildirib.
Qlobal bazarlarda qiymətləri aşağı salmaq məqsədilə ABŞ Fransa və Almaniyadan fövqəladə ehtiyatlardan dizel yanacağını dövriyyəyə buraxmağı tələb edir. Əks təqdirdə, Vaşinqton bu yanacağın ixracına qadağa qoyacağını bildirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən birinin məlumatına görə, Birləşmiş Ştatlar Avropa İttifaqının yaxın altı ay ərzində öz ehtiyatlarından 120 milyon barel dizel çıxarmasını istəyir. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, daxili bazarda qiymət artımı ilə əlaqədar olaraq dizel yanacağının ixracına qadağa qoyulması məsələsini Vaşinqtonun ciddi şəkildə düşündüyünü vurğulamışdı.
Qeyd olunur ki, ABŞ-dən dizel ixracının dayandırılması Avropada bu məhsulun qiymətinin misli görünməmiş səviyyəyə qalxmasına səbəb ola bilər. Mütəxəssislərin hesablamalarına əsasən, son aylar Avropaya idxal olunan dizelin təqribən yarısı ABŞ-nin payına düşüb. Bununla belə, Avropadakı neft treyderlərinin əksəriyyəti Vaşinqtonun belə bir qadağa tətbiq edəcəyinə şübhə ilə yanaşırlar, çünki bu addım Amerika neft şirkətləri üçün də ciddi problemlər yaradacaq.