ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrinin dünya dizel yanacağı bazarına ciddi ziyan vurduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Zelenski Rusiyada dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəf alır və bu hücumların dünya dizel yanacağı bazarına, o cümlədən ABŞ bazarına ciddi ziyan vurduğunu bilir", - deyə o bildirib.
Trampın sözlərinə görə, bu hücumlar fermerlərə və müxtəlif müəssisələrə zərər vurur.
"Zelenskinin isə vecinə deyil", - deyə ABŞ prezidenti iddia edib.
Tramp, həmçinin Ukraynanın xarabalığa çevrildiyini və ərazisinin böyük hissəsini itirdiyini bildirib.
"Zelenskinin ölkəsi xarabalıqlar içindədir, ərazisinin böyük hissəsi itirilib, okeanları və dənizləri yox olub, kişi əhalisi azalıb, insanlar yaralanıb və ya həlak olublar. Mən bu müharibənin başa çatmasını istəyirəm", - deyə o qeyd edib.