Nyu-Yorklu çilingər Entoni Perosi Powerball lotereyasından 136 milyon dollar qazanıb.
The New York Times bildirir ki, o, bir ay ərzində böyük məbləğdə pul qazandığını heç bilmirdi. Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
Perosi öz biletini martın əvvəlində Steyten-Aylenddə Peydc avenyuda yerləşən “7-Eleven” mini marketində alıb.
Martın 14-də o, kafedə məhz bu mağazada alınan biletin qalib olduğunu eşidir. Amma kafenin müştərilərindən biri uduşun bir müəlliməyə qismət olduğunu dediyinə görə Perosi biletini yoxlamır.
Aprelin 27-də çilingər lotereyanın uduş rəqəmlərini öyrənmək qərarına gəlir. İnternetdə uduş məlumatına baxan adam, cekpotu udduğunu öyrənir.
O, udduğu məbləği öz oğlu ilə bölüşməyi qərara alır və məbləğin 30 faizini ona verir. Bütün vergiləri ödədikdən sonra Perosinin 38 milyon 612 min 55 dollar pulu qalır, bu məbləğin 16 milyon 548 min 23 dolları isə onun oğluna çatır.
Çilingər pulun bir hissəsinə yeni yük maşını alacağını, eləcə də Nyu-York ştatında səyahət edəcəyini bildirib.
Lotereyanın qaydalarına görə, illik rüsumları ödəyərək pulu 30 il müddətində almaq mümkündür. Amma bütün məbləği birdəfəlik götürdükdə bu, nominal məbləğdən çox az ola bilər.
Powerball lotereyasında iki blokdan – birinci blokdan 5 (ağ şarlar 0, 1-dən 59-a qədər, ikinci blokdan isə bir rəqəm (qırmızı şarlar) 1-dən 35-ə qədər 6 rəqəm seçilir.