ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfiliyi bu yaxınlarda ləğv edilmiş sənədləri arasında Yuta ştatında müşahidə edildiyi iddia olunan naməlum məxluq haqqında məlumatlar aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "VT.co" nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ-nin müdafiə qurumunun tapşırığı ilə araşdırmanı 2010-cu ildə hazırda fəaliyyət göstərməyən "Bigelow Aerospace Advanced Space Studies" (BAASS) özəl aerokosmik şirkəti aparıb.
Hərbçilərin diqqətini Fort-Düşen qəsəbəsinin sakinlərinin "Skinuoker" rançosunun yaxınlığında tüklə örtülmüş qəribə məxluqun tez-tez göründüyü barədə şikayətləri cəlb edib.
Hesabatda aralarında polis əməkdaşlarının da olduğu 25 şahidin ifadələrinə yer verilib. Onların sözlərinə görə, "qurd adam" adlandırılan məxluqun boyu təxminən 1/8 metr, çəkisi isə 110 kiloqramdan çox olub. Onun qısa, qara-boz rəngli tükləri, sivri qulaqları və qısa quyruğu olduğu bildirilir. Başı alman çoban itinin başını xatırlatsa da, burnunun insana bənzədiyi iddia edilir.
Şahidlərin iddialarına görə, məxluq yüksək sürətlə tullanaraq hərəkət edib. Hadisələrdən birində onun tikanlı məftildən hazırlanmış hasara çırpıldığı, daha sonra isə qeyri-adi səslə uladığı bildirilir.
Hasarda qaldığı iddia edilən tük parçasını sakinlər BAASS mütəxəssislərinə təhvil veriblər. Şirkət əməkdaşları nümunə üzərində DNT analizi apararaq onun yerli itlərdən birinə məxsus olduğu qənaətinə gəliblər. Bununla belə, mütəxəssislər vurğulayıblar ki, analiz yalnız tük nümunəsinin mənşəyini müəyyənləşdirir və "qurd adam" kimi təsvir edilən məxluqun həqiqətən it olduğunu sübut etmir.
Pentaqon hadisə ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Bundan başqa, Fort-Düşen ətrafında yaşayan sakinlər BAASS nümayəndələrinə ərazidə odlu kürələrin və naməlum kiçikboylu varlıqların göründüyünü, hətta 12 metr hündürlüyündə "başqa dünyaya açılan portal"ın peyda olduğunu bildiriblər. Bu iddialarla bağlı da hər hansı yekun nəticə əldə edilməyib.