ABŞ-nin Luiziana ştatından olan səkkiz yaşlı Lillian Smart adlı qızcığaz beyinə zərər verən nadir "Naegleria fowleri" amöbünə yoluxub və həyatını itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri yazıb.
Raston şəhərindən olan qızcığaz avqustun 22-də, doğum günündən bir gün sonra vəfat edib. Nəşrin məlumatına görə, Lillian avqustun 15-dən bəri xəstəxanada yatırdı.
"Lillian bizim əllərimizdən İsanın əllərinə getdi. Onun beyninə dəyən zərər çox ciddi idi və onun kiçik bədəni bunun öhdəsindən gələ bilməyəcəkdi", - deyə qızın ailəsi sosial şəbəkə hesablarında yazıb.
Daha əvvəl Luiziana Səhiyyə Departamenti ştat sakinin birində "Naegleria fowleri" yoluxma halını təsdiqləyib. Departament bildirib ki, ən çox ehtimal olunan yoluxma yeri Kleyborn dairəsindəki eyniadlı Kleyborn gölüdür. Bir neçə KİV ailənin dostlarına istinadən yazıb ki, söhbət Lilliandan gedir.
Qeyd edək ki, "Naegleria fowleri" isti şirin sularda çoxalır və yay aylarında ABŞ-nin cənub ştatlarında xüsusilə geniş yayılıb. Yoluxma tərkibində amöbün olduğu su buruna daxil olduqda baş verir ki, mikroorqanizm oradan da beyinə nüfuz edir.