ABŞ-nin Alyaska ştatında yaşayan qadın ölən ərinin adına ödənişləri almağa davam etmək üçün onun meyitini dondurucuda saxlayıb.
Oxu.Az "Alaska Public Media"ya istinadən xəbər verir ki, Şeril Makdonald-Paskan həyat yoldaşı Ross Paskanın ölümünü gizlədib.
Kişi ağır ürək-damar xəstəliyindən sonra vəfat edib. İstintaqın məlumatına görə, meyit ən azı 2018-ci ildən 2025-ci ilə qədər Svittser-Villidc qəsəbəsindəki evlərinin yaxınlığında yerləşən tövlədəki dondurucuda qalıb. Qadın tanışlarına ərini qocalar evinə göndərdiyini deyib.
Makdonald-Paskanın 2025-ci ilin iyulunda xərçəng xəstəliyindən ölümündən sonra evi təmizləyən şəxs brezentə bükülmüş insan qalıqları olan bağlamanı aşkar edib. Polis müəyyən edib ki, qadın ərinin adına sosial müavinətlər, pensiya ödənişləri və Alyaska Pensiya Fondunun dividendlərini almaq üçün müraciətlər etməyə davam edib. Paskanın nə vaxt öldüyü dəqiq məlum olmadığından dəymiş zərərin məbləği müəyyən edilməyib.
İş bağlanıb, lakin yeni məlumat ortaya çıxacağı təqdirdə polis araşdırmanı yenidən başlada bilər.