ABŞ-də Nyu-York şəhərində metronun mərkəzi stansiyalarından biri meqapolisə yağan güclü yağış səbəbindən su altında qalıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı məlumat verir.
Telekanalın yayımladığı görüntülərdə Manhettenin mərkəzindəki eyniadlı vağzalın yaxınlığında yerləşən Penn-Steyşn stansiyasının platformasına su axınlarının töküldüyü kadrlar əks olunub. Bildirilir ki, Nyu-Yorkda bir neçə metro xəttində qatarlar əlverişsiz hava şəraiti səbəbindən böyük gecikmələrlə hərəkət edir, Bruklində bir magistralda isə hərəkət dayandırılıb.
Meteoroloqlar Nyu-York və Nyu-Cersi ştatlarında pis havaya görə daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər, bu, pis drenaj sistemi olan ərazilərdə nəqliyyatın hərəkətini iflic edə bilər.