2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında kütləvi atışma törədən hərbi psixiatr Nidal Həsənin edamı ictimaiyyətə açıq şəkildə həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "Real America's Voice" telekanalına müsahibəsində bildirib.
"O, güllələnəcək və belə də olmalıdır. Biz insanların bunu görməsini və prosesin açıq olmasını təmin edəcəyik. İnsanlar başa düşməlidirlər ki, belə əməllərə görə onları ciddi nəticələr gözləyir", - deyə Heqset vurğulayıb.
Edam dekabrın 3-də Fort-Hud hərbi bazasında güllələnmə yolu ilə həyata keçiriləcək. Bu, 11 yaşlı qızın zorlanması və qətlinə cəhddə təqsirli bilinərək asılaraq edam edilən sıravi Con Bennetdən sonra ABŞ ordusunda son 65 ildə ilk hərbçi edamı olacaq. Həmçinin, bu, İkinci Dünya müharibəsindən bəri ABŞ-də güllələnmə yolu ilə həyata keçiriləcək ilk edam hökmüdür.
Nidal Həsən 2009-cu il noyabrın 5-də döyüş zonasına göndərilməyə hazırlaşan silahsız əsgərlərin yerləşdiyi tibb korpusunda tapançadan atəş açıb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Saxlanılarkən yaralanan Həsən beldən aşağı iflic olub. O, 2013-cü ilin avqustunda ölüm cəzasına məhkum edilib.