ABŞ-nin Texas ştatının Makallen şəhərində kələm partiyasının içərisində gizlədilmiş təxminən bir ton metamfetamin aşkarlanaraq müsadirə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) "X" hesabında məlumat verilib.
"Makallen şəhərində (Rio-Qrande vadisi) DEA-nın əməkdaşları kələm yükü partiyasının içərisində gizlədilmiş 2 000 funtdan (0.91 ton) çox metamfetamin müsadirə ediblər", - deyə məlumatda bildirilib.
Narkotiklər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi qrupunun araşdırması çərçivəsində aşkarlanıb. Əməliyyatda ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Təhqiqatlar Xidməti (HSI), Federal Təhqiqatlar Bürosu (FTB), Gömrük-Sərhəd Xidməti, ABŞ Sərhəd Patrul Xidməti və Texas İctimai Təhlükəsizlik Departamenti iştirak edib.