"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, üç il əvvəl Qarabağ münaqişəsinin sonuncu fəsli bağlanıb, bundan sonra Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub.
Hacıyev qeyd edib ki, bu ilin avqust ayında Azərbaycan və Ermənistan arasında sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasının birinci ildönümü qeyd olunub.
"Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik", - prezidentin köməkçisi vurğulayıb.
Hacıyev həmçinin qeyd edib ki, sülh təkcə qarşıdurmanın olmaması deyil, həm də etimadın möhkəmləndirilməsi, bərpa və quruculuq demək olmalıdır.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü konstruktiv ab-havada keçib. H.Hacıyev qeyd edib ki, tərəflər sülh gündəliyinin irəli aparılması, etimadın möhkəmləndirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin və nəqliyyat bağlantısının inkişafı üçün ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirməklə bağlı razılığa gəliblər.