ABŞ Prezidenti Donald Tramp tərəfdarlarından noyabrda Konqresə keçiriləcək seçkilərdə mütləq səs verəcəklərinə dair and içmələrini tələb edib və əks halda onların cəhənnəmə düşəcəklərini deyib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri Texas ştatının Dallas şəhərində respublikaçıların milli qurultayında deyib.
Çıxışı zamanı Tramp iştirakçıları bu sözləri onun ardınca təkrar etməyə çağırıb:
"And içirik ki, noyabrın 3-də gəlib səs verəcəyik. Bilirsiniz səs verməyənlərin halı necə olur? Siz cəhənnəmə düşəcəksiniz", - deyə o əlavə edib. ABŞ lideri bunu onlara rəva bilmədiyini vurğulayaraq, hər kəsdən səsvermədə fəal iştirak etmələrini istəyib.
Dövlət başçısı zarafatla tərəfdarlarına qeydiyyatdan keçmiş seçici olub-olmadıqlarına görə narahat olmamağı və bütün gücləri ilə fırıldaq etməyə çalışmalarını təklif edib. Tramp ABŞ-də demokratların məhz bu cür hərəkət etdiyini əminliklə bildirib. O, demokratları nəzərdə tutaraq, "belə fırıldaqçılar hələ olmayıb, onların heç vecinə də deyil", - deyə vurğulayıb.