Göyərtəsində 120 sərnişinin olduğu "American Airlines" aviaşirkətinə məxsus "Airbus A319" tipli sərnişin təyyarəsi Arizona ştatının Finiks hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat "Flightradar24" monitorinq xidmətinin qeydlərində və pilotların dispetçerlərlə apardığı radio danışıqlarda öz əksini tapıb.
Xəbərdarlıqda deyilib:
"American 3230" reysi, sizdən dərhal sonra havalanan "SkyWest" təyyarəsi mühərriklərinizin birindən alov çıxdığını və nəsə sızdığını xəbər verdi".
Bildirilir ki, başqa bir hava gəmisinin heyəti mühərrik yanğınını çatdırdıqdan sonra laynerin kapitanı hidravlik sistemdə nasazlıq yarandığını bildirib, dəfələrlə həyəcan siqnalı verərək Finiks beynəlxalq hava limanına qayıtmaq üçün icazə istəyib. O həmçinin, təyyarədə 120 nəfərin və təxminən 8.6 ton yanacağın olduğunu deyib.