Amerika Birləşmiş Ştatlarında son 35 ildə qızılcaya yoluxma hallarının ən yüksək səviyyəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS ABŞ-nin Cons Hopkins Universitetinin hesabatına əsasən məlumat yayıb.
Statistikaya əsasən iyulun 21-nə olan vəziyyətə görə ABŞ-də artıq 2 295 qızılcaya yoluxma halı aşkarlanıb. Bu, 1991-ci ildən bəri maksimal göstəricidir. Xəstələrin ən çoxu Cənubi Karolina, Yuta, Texas və Virciniya ştatlarının sakinlərinin payına düşür. Ötən il qızılcaya yoluxan amerikalıların sayı 2 289 nəfər təşkil edib.
Xəstəliyin kəskin yayılması cəmiyyətdə vaksinasiya səviyyəsinin azalması ilə əlaqələndirilir. Vurğulanır ki, infeksiyaya yoluxanların 90 faizindən çoxunda qızılcaya qarşı peyvənd yoxdur və ya onların müvafiq peyvənd alıb-almaması ilə bağlı heç bir məlumat mövcud deyil. Xəstələnənlərin əsas hissəsini 18 yaşına çatmamış uşaqlar təşkil edir.
Xatırladaq ki, Birləşmiş Ştatlarda qızılca infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə 1963-cü ildən başlanılıb.