ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərindəki ticarət mərkəzlərindən birində naməlum şəxsin atəş açması nəticəsində 10 nəfər yaralanıb. Hadisə yerindən ziyarətçilər dərhal təxliyə ediliblər, hazırda polis əməkdaşları ərazidə araşdırma aparırlar.
Oxu.Az "Newsweek" nəşrinə istinadən xəbər verir ki, bu barədə şəhər meri Sid Edvards məlumat verib.
Merin sözlərinə görə, silahlı hücum böyük ehtimalla məqsədyönlü xarakter daşıyıb. Yaralıların hamısı təcili olaraq xəstəxanalara çatdırılıblar və onlara lazımi tibbi yardım göstərilir.
Yerli hüquq-mühafizə orqanları cinayətkarın (və ya cinayətkarların) hələ də azadlıqda olduğunu təsdiqləyib. Polis sakinləri ehtiyatlı olmağa və ərazidən uzaq durmağa çağırıb.