ABŞ-nin Tennessi ştatında ölümcül iynə vasitəsilə edam edilməsi iki dəfə uğursuzluqla nəticələnən və təcili xəstəxanaya yerləşdirilən 50 yaşlı məhkum Krista Payk süni tənəffüs aparatından çıxarılıb və artıq danışmağa başlayıb.
Oxu.Az PEOPLE nəşrinə istinadən xəbər verir ki, Paykın vəkillər komandasına məsləhət verən həkim Coel Zivot məhkumun vəziyyəti barədə bəhs edib.
"Dünən mənə onun kifayət qədər yaxşılaşdığı, süni tənəffüs aparatından çıxarıldığı və danışa bildiyi deyilmişdi. Hazırda o, edam prosedurunun özünü xatırlamır, lakin zaman keçdikcə xatirələri aydınlaşa bilər", - deyə Zivot qeyd edib. Həkim əlavə edib ki, ağır xəstələrin vəziyyəti gözlənilmədən dəyişə bilsə də, Paykın aktivlik göstərməsi yaxşı əlamətdir.
Paykın vəkillərindən biri Stiven Farrell isə açıqlamasında bildirib ki, o, edam cəhdindən sonra ilk dəfə ayağa qalxaraq palata daxilində kiçik məsafəyə qədər yeriyib. Lakin daxilə iynə və kateter yeridilməsi cəhdləri səbəbindən qolları ciddi zədələnib və hazırda əllərindən tam istifadə edə bilmir.
Digər vəkil Rendi Spayvi isə məhkumda pnevmoniya və qolunda tromb aşkar edildiyini, Paykın hələ də udquna bilmədiyi üçün qida qəbul etmədiyini diqqətə çatdırıb. Xəstəxanaya yerləşdirilərkən oktyabr ayı olduğunu belə dərk etməyən Paykın ilk sözləri "Haradayam və siz kimsiniz?" olub.
Xatırladaq ki, Krista Payk 1995-ci ildə "Job Corps" peşə hazırlığı proqramındakı təlim yoldaşı Kollin Slemmeri qətlə yetirməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib. Payk həmin vaxt sevgilisi olan Tadaril Şipp və rəfiqələri Şadolla Peterson ilə birgə Slemmeri Noksvillin kənarındakı meşəlik ərazidə döyərək öldürüblər. Şipp cinayət törədilərkən 17 yaşında olduğu üçün ömürlük həbs cəzası alıb, Peterson isə istintaqla əməkdaşlıq etdiyi üçün şərti cəza ilə azadlıqda qalıb.
Hazırda Tennessi ştatında aparılan təhqiqat səbəbindən bütün edamlar dayandırılıb. Ştat rəhbərliyinin Payk barəsindəki ölüm cəzasını daha sonra təkrar icra etməyə çalışıb-çalışmayacağı hələlik məlum deyil.