Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ "Politico", "The NYT" qəzetlərinin və "Associated Press"in maliyyələşdirilməsini dayandırır
ABŞ-nin icra hakimiyyəti orqanları "Politico", "The New York Times" (NYT) qəzetlərinin və "Associated Press" xəbər agentliyinin maliyyələşdirilməsini dayandırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask "X" sosial şəbəkəsində elan edib.
Söhbət ABŞ hökumətinin müxtəlif nazirliklərinin bu KİV-lərin bahalı xidmətlərinə abunəlik haqqının ödənilməsindən gedir.
Maskın məlumatına görə, Dövlət Departamenti "Associated Press"ə ödənişləri, Maliyyə Nazirliyi də "The New York Times"a abunəliyi dayandırıb. Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) isə "Politico"nun xidmətlərindən imtina edib.
Ağ Evin mətbuat katibi Kerolin Livitt bir gün əvvəl bildirib ki, ABŞ hökuməti illik dəyəri təxminən səkkiz milyon dollar olan "Politico"ya abunəliyi ləğv edəcək. Onun sözlərinə görə, əslində, "Politico" ABŞ vergi ödəyicilərinin hesabına subsidiyalaşdırılıb və DOGE komandası artıq qəzetə ödənişlərin ləğvi üzrə işə başlayıb.
Maskın idarəsi hazırda ABŞ federal orqanlarının digər KİV-lərə abunəlik xərclərinin yoxlanılmasına başlayıb.
Yeri gəlmişkən, DOGE rəhbəri bir müddət əvvəl dövlət vəsaiti hesabına KİV-lərin maliyyələşdirilməsi təcrübəsinə qarşı kəskin çıxış edib.
Rəylər