ABŞ-nin Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası olan "Nobitex"ə sanksiyalar tətbiq edib.
Oxu.Az-ın xəbərinə görə, nazirlik bununla bağlı rəsmi saytında açıqlama yayıb.
Bildirilib ki, "Nobitex", qadağalara baxmayaraq, 2025-ci ildə İranın bütün kriptovalyutasının 50%-dən çoxunu emal edib. Bundan əlavə, birja İran Mərkəzi Bankına rialın məzənnəsini dəstəkləmək üçün istifadə olunan yüz milyonlarla dollarlıq steyblkoinlərə çıxışa kömək göstərməkdə ittiham edilir.
"ABŞ-nin İranda hərbi əməliyyatlarının başlamasından sonra "Nobitex" internetin kəsilməsinə baxmayaraq, rejimin sərvətini qorumaq məqsədilə aktivlərin və vəsaitlərin qorunmasında, İrandan xaricə daşınmasında rol oynayıb", - deyə məlumatda bildirilib.
"Nobitex"in Direktorlar Şurasının sədri, həmtəsisçisi və birjanın keçmiş baş direktoru Əmir Hossey Rad, eləcə də platformanın digər rəhbərləri və vəzifəli şəxsləri də sanksiyalara məruz qalıblar.
"Nobitex" 2018-ci ildə İranın ən nüfuzlu ailələrindən biri olan və Xamenei klanına yaxın Xarrazilər tərəfindən təsis edilib. Agentlik iddia edir ki, birja İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sanksiyalardan yayınmaq və milyonlarla dollarları köçürmək üçün istifadə olunub.
Eyni zamanda İranın digər kriptovalyuta birjaları - "Wallex", "Bitpin" və "Ramzinex" də sanksiyalar siyahısına daxil edilib.
Nazirlik qeyd edib ki, sanksiyalara məruz qalan şəxslərin bütün əmlakı və maraqları bloklanır:
"Sanksiyaların pozulması ABŞ və xarici ölkələrin vətəndaşları üçün mülki-hüquq və ya cinayət məsuliyyətinə cəlb edilmə ilə nəticələnə bilər".