Pentaqon rəhbəri Pit Heqset cümə axşamı Karib hövzəsinin beynəlxalq sularında ABŞ qüvvələri tərəfindən narkotik daşıması üçün istifadə edilən növbəti qayığın məhv edildiyi barədə açıqlama verib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Əvvəllər də dediyimiz kimi, narkoterrorçuların gəmilərinə zərbələr endirilməsi amerikalıları zəhərləməkdən əl çəkilənə qədər davam edəcək", - deyə ABŞ-nin hərbi naziri bildirib.
Onun sözlərinə görə, qayıqda ABŞ hakimiyyəti tərəfindən terrorçu hesab edilən təşkilatın üzvləri narkotik daşıyıblar. Təşkilatın adı açıqlanmayıb.
Heqsetin bildirdiyinə görə, motorlu qayıqda üç narkoterrorçu olub. Onlar ABŞ hərbçiləri tərəfindən endirilən zərbə nəticəsində öldürülüblər.
"Ölkəmizə təhdid yaradan bütün narkoterrorçulara müraciət edirəm: əgər sağ qalmaq istəyirsinizsə, narkotik daşımağı dayandırın! Əgər ölümcül narkotikləri daşımağa davam etsəniz, sizi öldürəcəyik", - deyə Pentagon rəhbəri əlavə edib.
CNN telekanalının hesablamalarına görə, son aylarda ABŞ hərbçiləri narkotik qaçaqmalçılığın qarşı əməliyyatlarda ən azı 18 kiçik gəmini məhv ediblər. Nəticədə 70 nəfər ölüb.