Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ Meksikadakı narkotik bazalarına aviazərbələr endirə bilər
ABŞ Meksika ərazisində narkokartellərin baza yerlərinə aviazərbələr endirmək imkanını istisna etmir.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bəyanat verib.
"Bütün variantlar masadadır. Biz heç nəyi istisna etmirik. ABŞ-ni, onun suverenliyini və vətəndaşlarını qorumaq üçün əlimizdən gələni edəcəyik," - deyə o, "Fox News" telekanalının sualına cavab verərkən bildirib.
Heqset bu açıqlamanı ABŞ-nin 1903-cü ildə Kubadan icarəyə götürdüyü Quantanamo hərbi-dəniz bazasına səfəri zamanı verib. Bazanın ərazisində 2002-ci ildə ölkənin 43-cü Prezidenti kiçik Corc Buşun dövründə yaradılmış həbsxana yerləşir.
Fevralın 19-da Vaşinqton səkkiz narkokarteli xarici terror təşkilatları kimi tanıyıb. Onların arasında transmilli "Tren de Aragua", "MS-13" və "Clan del Golfo", həmçinin Meksikanın "Sinaloa", "Jalisco Nueva Generacion", "Unidos", "Noreste" və "La Nueva Familia Michoacana" kartelləri yer alıb.