Çin ABŞ dövlət qurumlarına hücumlar həyata keçirmək üçün haker qrupunu maliyyələşdirib. Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), ABŞ Federal Ehtiyat Sisteminin (FED), Energetika Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin serverləri və ABŞ Senatının sistemləri sındırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
ABŞ hakimiyyətinin məlumatına görə, söhbət Çinin "Nanjing Xinjiuwei Network Technology Company" şirkəti üçün çalışan QTFY haker qrupundan gedir.
"Federal hüquq-mühafizə orqanları ÇXR tərəfindən zərərli proqram təminatının istifadəsini araşdırıb və onun qarşısını alıb. Bu, Çin Xalq Respublikası tərəfindən maliyyələşdirilən ayrı-seçkisiz haker fəaliyyətinin qarşısının alınmasına yönəlmiş bir sıra texniki əməliyyatların son mərhələsi olub", - deyə ABŞ baş prokuroru Todd Blanş bildirib.