Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, ABŞ-nin bu ölkədəki səfirliyinin Tbilisidəki üç iri ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı yaydığı məlumat reallığı əks etdirmir.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Qurum eyni zamanda Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun diqqətini təhlükəsizliyə cavabdeh olan xidmətlərin fəaliyyətinə hörmətlə yanaşmaq, daha məsuliyyətli davranmaq və razılaşdırılmamış bəyanatlar yaymaqdan çəkinmək zərurətinə cəlb edib.
ABŞ-nin Gürcüstandakı səfirliyi rəsmi saytında ABŞ vətəndaşları üçün fövqəladə xəbərdarlıq yayıb.
Oxu.Az xəbər verir ki, səfirlik Tbilisidəki ticarət mərkəzlərində partlayış təhlükəsi barədə məlumat əldə edib.
Təhlükə altında olan ticarət mərkəzləri "East Point Shopping Mall", "Galleria Tbilisi" və "Tbilisi Shopping Area"dır.
Xəbərdarlığa dair heç bir ətraflı məlumat verilməyib.
Səfirliyin Regional Təhlükəsizlik Ofisi bütün səfirlik işçilərinə növbəti bildirişə qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edib.
