ABŞ Silahlı Qüvvələrinə məxsus "Osprey" konvertoplanı Yaponiyanın Toçiqi prefekturasında yerləşən Utsunomiya Hərbi Hava Özünümüdafiə Qüvvələri bazasına təcili eniş həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin uçuş aparatı Tokionun yaxınlığındakı "Yokota" ABŞ Hərbi Hava Qüvvələri bazasına aiddir. Ekipaj üzvləri arasında xəsarət alanların olması və ya texnikaya ziyan dəyməsi barədə hələlik heç bir məlumat daxil olmayıb. Məcburi enişin səbəbləri açıqlanmır.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Yaponiyanın cənub sahillərində ABŞ dəniz piyadalarına məxsus belə bir aparat dənizə düşüb və göyərtədəki səkkiz nəfərin hamısı həlak olub. Amerika silahlı qüvvələrinin bu növ texnikaları ilə bağlı analoji qəzalar əvvəllər ABŞ, Avstraliya, Mərakeş ərazilərində və Fars körfəzi zonasında da qeydə alınıb.