Son illərdə Naxçıvanla bağlı bir sıra mühüm dövlət proqramları və tədbirlər planları qəbul edilib. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən dövlət proqramında 11 prioritet istiqamət müəyyən edilib. Bununla yanaşı, Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi, Naxçıvan Sənaye Parkının yaradılması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də muxtar respublikanın paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı qəbul edilmiş qərarlar inkişaf prosesinin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir.
Qəbul edilmiş qərarların ardıcıl və sistemli icrası bu inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 Fərman və 5 Sərəncam verilib, Nazirlər Kabineti tərəfindən isə 10 Sərəncam və 15 Qərar qəbul edilib.
Bütün bunlar dövlət başçısının Naxçıvana diqqətinin təzahürüdür.
Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, uzun illər çətin geostrateji şəraitdə və blokada mühitində yaşayan Naxçıvan bu gün öz tarixinin ən şərəfli, sürətli dirçəliş mərhələsini yaşayır.
O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin mərkəzində hər zaman Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı və strateji dayanıqlılığı dayanıb:

"Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Naxçıvan təkcə özünütəminat səviyyəsini yüksəltməyib, həm də Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından birinə çevrilməkdədir. Dövlət başçısının muxtar respublikaya hər səfəri rayonların sosial-iqtisadi simasını dəyişməklə yanaşı, regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən yeni strategiyaların əsasını qoyur. Son illərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri sözügedən regionun potensialını köklü şəkildə dəyişib. Müasir nəqliyyat infrastrukturunun qurulması, kommunal xidmətlərin beynəlxalq standartlara çatdırılması və sosial obyektlərin istifadəyə verilməsi regionda həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irs, əsrarəngiz təbiət və müalicəvi tətbiqi ilə məşhur olan "Ağbulaq" Xizək Mərkəzi, "Duzdağ" Fizioterapiya Mərkəzi kimi unikal obyektlər turizm sektorunun sürətli inkişafına zəmin yaradır. Regionda aparılan ardıcıl quruculuq işləri Naxçıvanı həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkana çevirir. Naxçıvanın coğrafi mövqeyi - Azərbaycan, Türkiyə və İran sərhədlərinin kəsişmə nöqtəsində yerləşməsi ona bənzərsiz bir tranzit imkanı qazandırır".
Deputatın sözlərinə görə, tarixən Böyük İpək Yolu üzərində ticarət mərkəzi kimi məşhurlaşan bu qədim diyar modern dövrdə öz tarixi missiyasını bərpa edir:
"Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli xarici siyasət və iqtisadi strategiya Naxçıvanın nəinki blokadadan tam çıxmasını, həm də regionun ən iri ticarət və logistika mərkəzinə çevrilməsini təmin edir. Şəffaf iqtisadi mühit, azad iqtisadi zonaların yaradılması və böyük ticarət dəhlizlərinin kəsişməsi Naxçıvanı geoiqtisadi baxımdan "Regionun Dubayı"na çevirmək potensialına malikdir. Regionda nəqliyyat-kommunikasiyalarının bərpası və yeni nəqliyyat dəhlizlərinin reallaşması Şərq-Qərb və Şimal-Cənub marşrutlarına yeni nəfəs verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz, təhlükəsiz və maneəsiz nəqliyyat bağlantısının qurulması yalnız ikitərəfli əlaqələri möhkəmləndirməyəcək, bütövlükdə Cənubi Qafqazın iqtisadi sistemini yeniləyəcək. Bu marşrutlar Avrasiya məkanında ticarət dövriyyəsinin sürətlənməsinə, yükdaşımaların maya dəyərinin düşməsinə və region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Prezident İlham Əliyevin Naxçıvana səfərləri və qəbul etdiyi strateji qərarlar göstərir ki, muxtar respublikanın qarşısında duran hədəflər lokal çərçivəni çoxdan aşıb. Naxçıvanın tarixində başlayan bu yeni dirçəliş mərhələsi Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Naxçıvan iqtisadi qüdrəti, tranzit imkanları və müasir infrastrukturu ilə yaxın gələcəkdə yalnız Azərbaycanın deyil, bütün Avrasiya regionunun nəqliyyat və ticarət xəritəsində əvəzedilməz mərkəzə çevriləcək".